CƏMİYYƏT
“İlk Avropa Oyunlarına sən də qoşul” layihəsi çərçivəsində tədbir keçirilib
Bakı, 22 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunlarına sən də qoşul” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev birinci Avropa Oyunları zamanı gənclərin potensialına ehtiyac olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları, eləcə də könüllülər Oyunlara hazırlıq işlərində və onun təbliğində fəal iştirak edirlər. Yeni Azərbaycan Partiyasının gənc üzvləri də bu prosesin ön sıralarındadırlar.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov birinci Avropa Oyunlarının ölkəmiz, gənclərimiz üçün əhəmiyyətindən danışaraq bu mühüm idman tədbirinə ev sahibliyi etmək hüququnun Azərbaycanın böyük nailiyyəti olduğunu vurğulayıb. Qeyd edib ki, Oyunlar zamanı yalnız paytaxt Bakıda deyil, ölkəmizin hər yerində böyük idman bayramı yaşanacaq.
S.Orucov deyib ki, hazırlıq prosesi üçün ayrılan qısa müddətdə ölkəmizdə ən müasir standartlara cavab verən idman qurğularının tikilməsi, infrastrukturun yenilənməsi Azərbaycanın sürətli inkişafının, iqtisadi qüdrətinin və belə mühüm tədbirlərin keçirilməsində zəngin təcrübənin göstəricisidir. Bu yarış başa çatdıqdan sonra tikilən yeni idman qurğuları məhz gənclərimizə xidmət edəcək.
Bildirilib ki, Azərbaycanın təbliğində daim fəal iştirak edən YAP-ın gəncləri bundan sonra da səylərini əsirgəməyəcəklər. Birinci Avropa Oyunlarının dünya idmanında yeni bir tarix yazması üçün biz də əlimizdən gələni edəcəyik.
Digər çıxışlarda da Oyunların, eləcə də Azərbaycanın təbliğində gənclərimizin rolundan, onların üzərinə düşən vəzifələrdən danışılıb, “Bakı-2015”in əhəmiyyəti vurğulanıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.