CƏMİYYƏT
İmişli regional ədliyyə şöbəsi Biləsuvarda bələdiyyə nümayəndələri üçün seminar keçirib
Bakı, 24 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə fevralın 24-də Biləsuvar şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
Əvvəlcə seminar iştirakçıları tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.