REGİONLAR
İmişlidə milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunub
İmişli, 28 mart, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü İmişli rayonunda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlərlə tanışlıq olub.
Dövlət Təhlükəsizlik Xidməti İmişli rayon şöbəsinin rəisi Ramil Əliyev xüsusi xidmət orqanlarının yaradılmasının tarixi ilə bağlı məruzə edib. Ölkəmizin hərtərəfli inkişafı üçün ictimai-siyasi sabitliyin əsas amillərdən biri olduğunu deyən R.Əliyev dövlət təhlükəsizliyi orqanlarının bu sahədə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini vurğulayıb.
Hüquqi və demokratik dövlət quruculuğu prosesində Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi rolundan danışan rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Olduqca həssas geopolitik regionda yerləşən ölkəmizin milli maraqlarının təmin edilməsində xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzər salan icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi, əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamların nəticələrini diqqətə çatdırıb.
Şərəfli və məsuliyyətli işlərində DTX əməkdaşlarına müvəffəqiyyətlər arzulayan digər natiqlər də onlara bayram təbriklərini çatdırıblar.
Sonra bir qrup əməkdaşa rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri verilib.