REGİONLAR
İnansa Dudi: Dünya Kuboku yarışlarının Qəbələ mərhələsi yüksək səviyyədə təşkil olunub
Qəbələ, 12 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Yarışlar yüksək səviyyədə təşkil olunub. Belə müasir atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə apararaq qalib olmaq böyük xoşbəxtlikdir. Qəbələdən xoş təəssüratlarla ayrılacam. Atıcılığın yeni “mix team” növü üzrə qalib olduğum üçün özümü xoşbəxt hiss edirəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Kuboku yarışlarının Qəbələ mərhələsində atıcılığın “mix team” növü üzrə tapançadan 50 metr məsafəyə atəş açma yarışında birinci yeri tutan Hindistan komandasının idmançısı İnansa Dudi deyib.
O, Qəbələdəki atıcılıq mərkəzinin çox yüksək səviyyədə inşa edildiyini, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradıldığını, məşq yerləri və yarış poliqonunun əla vəziyyətdə olduğunu qeyd edib.
“Azərbaycanda atıcılıq sahəsində çoxlu idmançılar yetişə bilər. Yeniyetmə və gənclər mövcud şəraitdən yaxşı bəhrələnərək gələcək yarışlarda yüksək nəticələr əldə edə bilərlər”, - deyə hindistanlı atıcı vurğulayıb.