İndoneziyanın Azərbaycandakı səfiri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qonağı olub
Bakı, 30 noyabr, AZƏRTAC
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə keçirilən “SəfirləSiz” layihəsi çərçivəsində bu qurumun qonağı olub.
AZƏRTAC xəbər verir ki, ATGTİ-nin qərargahında keçirilən görüşdə səfirə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verilib.
Diplomat ATGTİ-nin gəclərlə iş sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib. Tələbələrin cəmiyyətin aparıcı qüvvələrindən olduğunu vurğulayan səfir görüşün təşkilinə görə İttifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılova təşəkkürünü bildirib.
Gənclərlə görüşdə İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verən H.Fanani ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb.
Sonda tələbələrin sualları cavablandırılıb.