ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq konfransın həmtəşkilatçısıdır
Bakı, 17 mart, AZƏRTAC
Mayın16-dan 19-dək Rusiyanın Kursk şəhərində obrazların tanınması, təsvirlərin və simvol xarakterli informasiyanın işlənməsi sistemlərində optoelektron avadanlıq və qurğulara həsr olunmuş “Raspoznavaniye - 2017” XIII beynəlxalq elmi-texniki konfransı keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçısı olduğu beynəlxalq konfransda AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev proqram komitəsinin üzvüdür.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, informasiyanın işlənilməsinin alqoritmik, proqram və texniki vasitələri, ixtisaslaşdırılmış hesablama cihazları, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, telekommunikasiya şəbəkələri və videoinformasiya xidmətləri sistemi, təhsildə yeni informasiya texnologiyaları və s. daxildir.