CƏMİYYƏT
İnformasiyanı yadda saxlamağın səmərəli üsulu açıqlanıb
Bakı, 20 yanvar, AZƏRTAC
Amerikalı psixoloqlar informasiyanı yadda saxlamağın səmərəli üsulunu açıqlayıblar.
AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, müvafiq tədqiqat “Learning & Memory” jurnalında dərc edilib.
Mütəxəssislərin fikrincə, hər hansı məlumat alandan sonra onu yaxşı yadda saxlamaq üçün kiməsə danışmaq lazımdır. Nəticədə yeni informasiyanı və onun təfərrüatını hətta bir həftə sonra da beynində eynilə canlandırmaq olar.
Alimlər tələbələrin iştirakı ilə tədqiqat apararaq bu qənaətə gəliblər. İştirakçılara yarım saat ərzində 40 filmdən 24 saniyəlik çarxlar nümayış etdirilib. Eksperimentdə iştirak edənlər videodakı ümumi süjeti, həmçinin müxtəlif detalları, o cümlədən personajların səslərini, rənglərini və jestlərini yadda saxlamalı idilər.
Videoya baxandan sonra oradakı informasiyanı bir-birinə danışan tələbələr tapşırığın öhdəsindən daha yaxşı gəliblər.