CƏMİYYƏT
İnqilabçı uşaqları üçün İvanovo Beynəlmiləl Uşaq Evinin məzunlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib
Siyasi məhbusların, öldürülən, həbs olunan və ya hakimiyyət tərəfindən cəzalandırılmış inqilabçıların uşaqlarını da buraya verirdilər. Sovet İttifaqı kimi, “İnterdom” da 70 il yaşadı. Hazırda onun yerində yetim uşaqlar üçün adi internat var, lakin əvvəlki kimi qeyri-adidir – Rusiyada abad ərazisi, rahat yaşayış kompleksi, təchiz edilmiş məktəbi, idman zalları, hovuzu, konsert zalı olan ən böyük uşaq evidir. Məktəbin himayədarlar şurasının sədri Dövlət Dumasının iqtisadi siyasət, innovasiyalı inkişaf və sahibkarlıq komitəsi sədrinin birinci müavini, şahmat üzrə dünya çempionu Anatoli Karpovdur.
AZƏRTAC xəbər verir ki, bu il uşaq evinin yaranmasının 81 illiyini qeyd edən məzunlar Bakıda ənənəvi görüş-konfrans keçiriblər. Dünyanın 50 ölkəsindən 150-dək məzun Azərbaycanın paytaxtına toplaşıb. Qonaqların qalması üçün Xəzərin sahilindəki “AF Hotel” seçilib. Məzunların əsas tədbiri də burada təşkil olunub.
Səhər tezdən qonaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) rəhbərliyi ilə birlikdə Fəxri xiyabanda olub, ümummilli lider Heydər Əliyevin məzarını, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra otelin konfrans zalında məzunların görüşü olub. Görüşdə Milli Məclisin deputatları Sevinc Hüseynova və Mixail Zabelin, eləcə də AQUPDK sədrinin müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva iştirak ediblər.
Tədbiri “İnterdom”un Məzunlar Assosiasiyasının sədri Vangelis Ksirotiris aparıb. Qeyd olunub ki, “İnterdom”un məzunlarının çoxillik əlaqələrinin saxlanması və inkişafı, onun beynəlxalq nüfuzunun dəstəklənməsi məqsədilə 1983-cü ildə İvanovo Beynəlmiləl Uşaq Evinin Beynəlxalq Məzunlar Assosiasiyası yaradılıb. Hazırda bu qurumda dünyanın müxtəlif ölkələrindən siyasi elitanın, diplomatların, alimlərin, ictimai xadimlərin, biznesmenlərin dörd mindən çox nümayəndəsi təmsil olunur. V.Ksirotiris onu da bildirib ki, “İnterdom”un Məzunlar Assosiasiyası uşaq evinin çətin vəziyyətdə olan keçmiş yetirmələrinə və onların ailələrinə yardım göstərilməsi üzrə iş aparır.
V.Ksirotiris deyib: “Y.Stasova adına Beynəlmiləl Uşaq Evinin tarixini 1933-cü ildən hesablayırlar, lakin bu tarix daha erkən başlanıb. 1926-cı ildə isveçrəli inqilabçı qadın, məşhur “Mozer” saat markası sahibinin qızı Mentona Mozer Sovet İttifaqına gəlib. Sovet İttifaqı M.Mozeri elə ilhamlandırıb ki, o, özünün bütün bir milyonluq mirasını inqilabçı uşaqları üçün internatın yaradılmasına bağışlayıb”. Beynəlmiləl Uşaq Evini əvvəlcə Podolsk ətrafında Vaskino kəndində təşkil ediblər. Mozer Uşaq Evi üçün bütün avadanlığı İşveçrədən alıb, internatın ilk üç işçisini Berlindən tapıb. V.Ksirotiris daha sonra deyib: “Uşaqları blokadada olan Leninqraddan da, Çernobıldan da gətirirdilər. Kommunistlərin uşaqları üçün “İnterdom”un yetirmələri üzrə tarixi sarsıntılar xəritəsi tərtib etmək olar. Səksən il ərzində internatda dünyanın 85 ölkəsindən 5 min uşaq tərbiyə alıb.
Rusiya Dövlət Dumasının eks-spikeri, “Dünya Fondları” Beynəlxalq Assosiasiyasının birinci vitse-prezidenti Sergey Baburin deyib: “Rəmzi olaraq, hər il məzunlar müxtəlif ölkələrdə görüşürlər. Onlar Almaniya və Yunanıstandan sonra Bakıda yığışıblar, gələn il isə Efiopiyada görüşəcəklər”.
Tədbir iştirakçılarını salamlayan qonaq xatırladıb ki, düz 20 il əvvəl o, ilk dəfə ümummilli lider Heydər Əliyevin dəvəti ilə Bakıya gəlib, deputat kimi cəbhə xəttində olub. S.Baburin bildirib: “Bakının simasının necə dəyişməsinə heyran olmuşam. Bu gün Bakı Şərq koloriti olan, Avropa tipli müasir işgüzar mərkəzdir”.
Görüşdə çıxış edən məzunlar müəssisənin beynəlxalq internat statusunun qaytarılması xahişi ilə Rusiya hakimiyyətinə müraciət ediblər. Onlar Yaxın Şərqdə, Ukraynada müharibələrdən və ya təbii fəlakətlərdən əziyyət çəkən uşaqları İvanovoya gətirməyi təklif edirlər.
Görüş zamanı “Skype” vasitəsilə də videogörüş təşkil edilib. Ekranda “İnterdom”un Braziliyada yaşayan ən yaşlı sakini, ardınca digər məzunlar görünüblər. Praktiki olaraq bütün zal bu həyəcanlı söhbətdə iştirak edib.
Qeyd edək ki, Y.Stasova adına İvanovo “İnterdom”unun məzunları Bakıda oktyabrın 2-dək davam edəcək səfər çərçivəsində şəhərə ekskursiya edəcək, paytaxtın görməli yerlərini gəzəcəklər. Qonaqlar, həmçinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğuna gedəcək, Bakının muzeylərində olacaq, eləcə də Beynəlxalq Muğam Mərkəzində konsertdə iştirak edəcək, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya baxacaqlar.