CƏMİYYƏT
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardımlar göstərib
Bakı, 6 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardımlar göstərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, onlardan 43 nəfəri insan alveri qurbanı, 17 nəfəri isə insan alveri qurbanına çevrilmək təhlükəsi olan şəxsdir.
Bu şəxslərdən 9-na hüquqi, 6-na tibbi, 10 nəfərə psixoloji yardım göstərilib, 1 nəfər isə sığınacaqda yerləşdirilib. Bundan əlavə, 12 nəfərin məşğulluğunun təminatına, daha 12 nəfərin peşə reabilitasiyasına cəlb edilməsinə kömək göstərilib, 1 nəfərin ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon əmək və sosial müdafiə mərkəzinə müraciət olunub.
Digər şəxslərin də zəruri yardımlarla təminatı istiqamətində işlər aparılıb və onlar ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər.