CƏMİYYƏT
“İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları İsmayıllıda E.Məmmədov adına 3 nömrəli tam orta məktəbdə və Şəkinin Şirinbulaq kəndində müəllim və şagirdlərin, həmçinin yerli sakinlərin iştirakı ilə tədbirlər keçiriblər.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Respublika Günü münasibətilə keçirilmiş bu tədbirlər “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunub.
Tədbirlərdə regional mərkəzin rəhbəri P.Məmmədov çıxış edərək, 1918-ci il mayın 28-də Azərbaycan xalqının azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi müsəlman Şərqində yaradılmış ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yer tutduğunu vurğulayıb. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilib.
Müstəqilliyini bərpa etdikdən sonra respublikamızda digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də ardıcıl islahatların aparıldığı qeyd edilib.