CƏMİYYƏT
İntellektual oyunlar üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb
Bakı, 30 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Znatokiada-2016” - “Xəzər kuboku” intellektual oyunlar üzrə beynəlxalq turnirin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, turnir gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların xarici yaşıdları ilə əlaqələrinin möhkəmləndirilməsi, gənclərin bilik və peşəkarlığının artırılması məqsədi daşıyıb.
Mayın 30-da “Fairmont Baku” otelində yarışın qaliblərinin mükafatlandırılması mərasimi olub. “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, “Fərdi oyun”, “Xəmsə” milli intellektual oyunu və digər intellektual yarışma növlərində ilk üç yeri tutan qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən qızıl, gümüş və bürünc medallar təqdim edilib.
Bakıda keçirilən turnirdə Azərbaycanla yanaşı, Almaniya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynadan 70 komanda ənənəvi oyunlarda bilik və bacarıqlarını sınayıblar. Turnirdə intellektual oyunlar arasında ölkəmizin ilk milli brendi olan “Xəmsə” milli intellektual oyununun təbliğinə xüsusi diqqət ayrılıb.
İntellektual oyunların iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Hər il fərqli ölkədə keçirilən turnir bu günədək İsrail, Rusiya, Ukrayna, Moldova və Latviyada təşkil olunub.