CƏMİYYƏT
İnternat məktəblərinin məzunları üçün karyera düşərgəsi təşkil olunub
Bakı, 4 avqust, AZƏRTAC
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Müstəqil həyatda uğurlu karyera" layihəsini uğurla başa çatdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə regionlarda yerləşən uşaq evləri və internat məktəblərində təhsil alan şagirdlərin ali təhsilə maraqlarını artırmaq, habelə onların müasir əmək bazarına uyğunlaşmasına nail olmaq məqsədi daşıyıb. Fəaliyyət planına əsasən layihə Bakı, Quba, Şəki və Lənkəranda yerləşən uşaq evləri və internat müəssisələrində həyata keçirilib. Hər müəssisədə iki gün ərzində iştirakçılar üçün təlimlər keçirilib.
İnteraktiv formada keçirilən təlimlərdə gənclərə peşə təhsili, iş axtarmağın yolları, hədəfli inkişaf proqramları, asudə vaxtdan səmərəli istifadə və digər zəruri həyat vərdişləri ilə bağlı məlumatlar verilib.
Layihənin sonunda 30 məzun üçün üçgünlük karyera düşərgəsi təşkil olunub.