CƏMİYYƏT
İnternat məzunu olan gənclərlə bağlı yeni layihəyə start verilib
Bakı, 26 iyul, AZƏRTAC
Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin “İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği” layihəsi çərçivəsində təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayonu 1 saylı xüsusi internat məktəbi və Xətai rayonu 3 saylı uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq davranış qaydalarının, vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği, onların dünyagörüşünün artırılması məqsədilə tarixi, maddi-mədəniyyət abidələrinə, diyarşünaslıq muzeylərinə ekskursiyalar təşkil etmək, maarifləndirici təlimlər keçməklə onların müstəqil həyata inteqrasiyasına kömək göstərməkdir.
Təlimin ilk günü Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirakçılara internat uşaqları ilə bağlı ölkəmizdə həyata keçirilən çoxsaylı tədbirlərdən danışıb, internat məzunları layihəsinə uğurlar arzulayıb.
Davranış qaydaları və etik normaların çoxsaylı komponentlərindən məlumat verən təlimçi Şahin Rəcəbov mövzunun müasir cəmiyyət üçün aktuallığını qeyd edib. Birliyin sədri Araz Əhmədov internat və uşaq evlərində böyüyüb təhsil alan gənclər haqqında cəmiyyətdə olan stereotiplərin dağıldığını və pozitiv fikrin formalaşdığını, təşkilatın faydalı kadr bazası hazırladığını söyləyib.
Sonra iştirakçılar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya gediblər.
Təlimin ikinci günündə gənclər “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda Qız qalası və Şirvanşahlar sarayının tarixi haqqında ətraflı və maraqlı məlumatlar alıblar.
Növbəti həftə gənclər Qobustan Dövlət Tarix-Bədii Qoruğuna da gedəcəklər.
Layihənin sonunda təlimlərə qoşulan gənclər üçün üçgünlük düşərgə təşkil ediləcək. Onlar Şamaxı və İsmayıllı rayonlarına gedəcək və orada bir necə tarixi yerlə tanış olacaqlar.
Təlimlər iki həftə davam edəcək.