CƏMİYYƏT
“İnternat və uşaq evləri məzunlarının sosial adaptasiyası” adlı layihənin icrasına start verilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “İnternat və uşaq evləri məzunlarının sosial adaptasiyası” adlı layihənin icrasına start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi internat və uşaq evini bitirən gənclərin psixoloji adaptasiyası və onların cəmiyyətə düzgün inteqrasiya olunmasıdır.
Birliyin sədri Samirə Mustafayeva layihənin zəruriliyindən və bu sahədəki problemlərdən danışaraq deyib ki, internat və uşaq evlərini bitirən gənclərin ünsiyyətə və qayğıya ehtiyacı daha çoxdur. Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində, hətta inkişaf etmiş ölkələrdə belə internat və uşaq evini bitirən şəxslər cəmiyyət tərəfindən ayrı-seçkiliyə məruz qalır. Əksər valideynlər belə gəncləri cəmiyyətdən təcrid edir, bəzən isə uşaq yaşlarından öz övladlarına psixoloji təsir göstərirlər. Bu da belə insanlarda psixoloji problemlərin yaranması ilə müşahidə olunur. Digər hallarda isə insanlar internat və uşaq evlərini bitirən gənclərlə yazıq, köməksiz biri kimi rəftar edirlər. Bu isə onların özünə qapanması və insanlardan uzaq gəzməsi ilə nəticələnir. Bu baxımdan internat və uşaq evini bitirən gənclərin digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtarmalarına çalışmaq hər bir şəxsin borcudur. Bunun üçün mütəmadi olaraq bu gənclərlə ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
S.Mustafayeva bildirib ki, özlərini cəmiyyətdə tək hiss etməmələri üçün bu gənclərin bilik və bacarıqlarının müəyyən olunması, onların xüsusi istedadlarının üzə çıxarılması çox vacibdir. Layihə çərçivəsində də əsas prioritet məsələ internat və uşaq evini bitirən gənclərin yeni həyata tam adaptasiyasını təmin etmək, istedadlarını üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaq, bu bilik və bacarıqların istifadəsinə istiqamət vermək və şərait yaratmaqdır.
Layihə 3 ay müddətində keçiriləcək və gənclərin əsərlərinin sərgisi təşkil olunacaq. Fərqlənən gənclər isə mükafatlandırılacaqlar.