CƏMİYYƏT
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətinin artırır
Bakı, 18 dekabr, AZƏRTAC
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduqları yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Xidmətdən AZƏRTAC-bildiriblər ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün doğum haqqında şəhadətnamənin surətini, ailə tərkibi haqqında arayışı, təhsil haqqında sənədi (təhsil müəssisəsini bitirənlər üçün), təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayışı, tərcümeyi-halı və 3x4 santimetr ölçüdə altı ədəd fotoşəkil təqdim etməlidirlər.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli Qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.