SİYASƏT
İordaniyada Azərbaycan diplomatiyasının tarixindən bəhs edən kitab çap olunub
Əmman, 24 may, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyinin müşaviri Hüseyn Rəhimlinin “XVIII əsrin sonunda, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya və bölgə dövlətləri (Türkiyə və İran) ilə diplomatik əlaqələri” kitabı Əmmanda ərəb dilində işıq üzü görüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan diplomatiyasının tarixinə həsr edilib. Kitabda göstərilən dövr ərzində regionda cərəyan edən proseslər, o cümlədən Nadir şahın qurduğu dövlətin süquta uğramasından sonra Azərbaycanda yaranan gərgin vəziyyət, Azərbaycan xanlıqları ilə qonşu dövlətlər - Türkiyə, Rusiya və İran arasında əlaqələrin inkişafı, bir sıra nüfuzlu Azərbaycan xanlarının, xüsusilə qubalı Fətəli xanın apardığı fəal xarici siyasət və vahid Azərbaycan dövlətinin yaradılması cəhdləri yer alıb. Həmçinin Avropa diplomatiyası və bölgənin əsas oyunçuları tərəfindən Cənubi Qafqazı ələ keçirmək planlarının bəzi məqamları öz əksini tapıb.
Girişdə oxucularla fikirlərini bölüşən iordaniyalı nüfuzlu ictimai-siyasi xadim, sabiq Baş nazirin müavini, İordaniya parlamentinin üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan Hmud kitabın ərəb dilində nəşr etdirilməsinin sıravi iordaniyalılara dost və qardaş ölkənin şanlı tarix səhifələri ilə tanış olmaq üçün imkan verdiyini, habelə xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. O, hazırda bu münasibətlərin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının - Prezident İlham Əliyevin və Əlahəzrət Kral II Abdullahın rolunu yüksək qiymətləndirib. “Şübhəsiz ki, kitabda öz əksini tapmış tarixi faktlar XVIII əsrin sonunda, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaranan çətin tarixi dövrün öyrənilməsində ərəbdilli oxuculara kömək göstərəcək”, - deyə Mərvan Hmud bildirib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman