CƏMİYYƏT
İordaniyanın “Əl-Diyar” qəzetində Ulu Öndərin anım tədbiri ilə bağlı məqalə dərc olunub
Bakı, 18 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən təşkil olunmuş anım tədbiri ölkənin nüfuzlu “Əl-Diyar” qəzetində geniş işıqlandırılıb.
Məqalədə əvvəlcə səfirlikdə Ümummilli Liderin xatirəsinin birdəqiqəlik sükutla yad edildiyi, sonra tədbir iştirakçıları tərəfindən Əmman şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan meydana əklillər qoyulduğu bildirilir.
Qəzetdə səfir Sabir Ağabəyovun görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi fəaliyyəti, Vətən və xalq qarşısındakı müstəsna xidmətləri barədə əhatəli çıxışının tam mətni də yerləşdirilib.
Məqalədə bildirilir ki, ən çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirib, ölkənin hərtərəfli tərəqqisi üçün həlledici addımlar atıb. Məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, regional və beynəlxalq müstəvidə nüfuz sahibi olub.