İQTİSADİYYAT
İpoteka Fondunun istiqrazlarının 100 milyon manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 23-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 15 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazlar 1 006,50 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti martın 6-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.