CƏMİYYƏT
İqlim üzrə Paris Sazişi bu ilin noyabr ayında qüvvəyə minəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
İqlim üzrə Paris Sazişi 2016-cı il noyabrın 4-də qüvvəyə minəcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun məlumat verib. Onun adından çıxış edən mətbuat katibinin bəyanatında bildirilib: “Paris Sazişinin qüvvəyə minməsi üçün zəruri olan ikinci və sonuncu məsələyə dair razılıq əldə edilməsi barədə məlumat verməyə şadam. Saziş 2016-cı il noyabrın 4-də qüvvəyə minəcək”.
Sazişin sonuncu maddəsinə əsasən sənəd ən azı 55 dövlət tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək. Habelə istixana qazları qlobal tullantısının minimum 55 faizi həmin ölkələrin payına düşməlidir. Hələ sentyabrın 21-də Paris Sazişinə həsr edilmiş xüsusi tədbirdə ölkələrin sayı minimum miqdarı ötsə də, bu ölkələrin istixana qazları emissiyasının məcmuyu 55 faizə çatmamışdı. Lakin oktyabrın 2-də Hindistan hökuməti ratifikasiya sənədini təqdim edib. Onun öhdəsinə istixana qazları tullantısının 4,1 faizi düşür. Oktyabrın 4-də Yeni Zelandiya hökuməti sənədi ratifikasiya edib, oktyabrın 5-də Kanada, Avropa İttifaqı, Avstriya, Almaniya, Fransa, Macarıstan, Malta, Portuqaliya, Slovakiya, habelə Boliviya və Nepal Sazişə qoşulublar.
Hazırda 73 ölkə və Avropa İttifaqı regional təşkilat qismində Paris Sazişinin iştirakçısıdır.
BMT-nin baş katibi bütün hökumətləri və özəl sektorun nümayəndələrini yeni Sazişin müddəalarını həyata keçirməyə nail olmağa, istixana qazları emissiyasının azaldılmasına yönələn təcili tədbirlər görməyə, habelə iqlim dəyişikliklərinin qaçılmaz nəticələrinə uyğunlaşma işində ən həssas icmalara kömək etməyə çağırıb.