CƏMİYYƏT
İrandan Azərbaycana narkotik keçirməyə çalışan şəxs yaxalanıb
Bakı, 4 avqust, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altından 1 ədəd bükümdə xalis çəkisi 1,016 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Qoşa Təpə” gömrük postunun piyada keçid xəttində quraşdırılmış təhlükəsizlik kameralarının köməyi ilə həmin narkotik vasitəni sözügedən yerdə masanın altına atan şəxsin İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Mirelnur Mürsəlovun olduğu müəyyən edilib.
Bundan sonra M.Mürsəlovun saxlanılması məqsədilə müvafiq əməliyyat tədbirləri həyata keçirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında saxlanılıb.
İlkin araşdırma zamanı M.Mürsəlov etiraf edərək İrandan Azərbaycana piyada gələrkən sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altına 1 ədəd bükümdə olan tiryəki atdığını və həmin tiryəki İrandan əldə edərək gətirdiyini bildirib.