CƏMİYYƏT
İranın dərman şirkətinin nümayəndəsi: Azərbaycan bazarı ilə sıx əlaqələr qurmaq niyyətindəyik
Bakı, 21 sentyabr, AZƏRTAC
Biz artıq ikinci dəfədir ki, Bakıda keçirilən 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisində (“BIHE-2016”) iştirak edirik. Azərbaycan bazarı ilə sıx əlaqələr qurmaq niyyətindəyik. “Tamin Pharmaceutical Investment Company” (TPICO) holdinqi burada ölkənizin səhiyyə nazirliyi ilə yaxın gələcəkdə dərman zavodunun açılması ilə əlaqədar danışıqlar aparır. Bu, İran-Azərbaycan birgə müəssisəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “BIHE-2016”nın iştirakçısı “Zahravi Pharmaceutical” şirkətinin klinik təcrübə və farmakoloji nəzarət rəhbəri Şirin Purnurmohammədi deyib.
“Zahravi Pharmaceutical” şirkəti İranda farmakoloji məhsul, dərman vasitələri və qida əlavələrinin iri istehsalçısı olmaqla yanaşı, farmakoloji preparat, aralıq məhsul, aktiv tərkibli maddələr, tibbi avadanlıqlar və digər dərman vasitələrinin qablaşdırılması, topdan və pərakəndə satışı ilə məşğul olan “TPICO” holdinqinə daxil olan otuz şirkətdən biridir. Holdinq öz məhsullarını dünyanın 50-dən artıq ölkəsinə ixrac edir.
O qeyd edib ki, “TPICO” holdinqi məhsullarının Azərbaycana ixrac olunmasına maraq göstərir. Bu, həmçinin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirməyə imkan verəcək, peşəkar təcrübə və məlumat mübadiləsi üçün lazımi şərait yaradacaq.
Şirin Purnurmohammədi deyib: “Biz sərginin ilk saatlarından etibarən stendimizə yaxınlaşan, peşəkar dialoqlarda iştirak edən və İranda istehsal edilmiş dərman vasitələri ilə maraqlanan ziyarətçilərin fəallığını hiss edirik”.