CƏMİYYƏT
“İrəli” İctimai Birliyi “Multikulturalist Azərbaycan” layihəsinə start verir
Bakı, 24 iyul, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Multikulturalist Azərbaycan” layihəsinə start verəcək.
İctimai Birlik gənclərin maarifləndirilməsi, Azərbaycanın müxtəlif regionlarında yaşayan etnik azlıqların nümayəndələrini, eyni zamanda, respublikamızda təhsil alan xarici ölkələrin müxtəlif ixtisaslı gənclərini toplamaqla onlar arasında mədəni dialoqun yaradılması, təmsil etdikləri millətlərin mədəniyyətini, dilini, ənənəsini nümayiş etdirməyə şərait yaratmaqla cəmiyyətin rüşeymi olan gənclərdə tolerantlıq, humanizm prinsiplərini formalaşdırmaq məqsədilə İsmayıllı rayonunda beşgünlük layihə həyata keçirəcək.
“Multikulturalist Azərbaycan” layihəsinin əsas məqsədi ölkəmizdə multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönəldilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaqla milli- mənəvi dəyərlərimizin, tarixi nailiyyətlərimizin və abidələrimizin mənfur düşmənlərimiz tərəfindən öz adlarına çıxarmalarının qarşısını almaqdan ibarətdir.
Layihənin açılışı iyulun 25-də İsmayıllı rayonunun Xanəgah kəndində olacaq.
Yeddi yüzdən çox gəncin müraciət etdiyi “Multikulturalist Azərbaycan” layihəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclərin və müxtəlif millətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub. İştirakçılar komandalar halında yarışacaqlar. Ümumilikdə, 8 komanda – Səlcuqlar, Manna, Atropatena, Albaniya, Atabəylər, Səfəvilər, Şirvanşahlar, Qaraqoyunlu komandaları mükafat qazanmaq uğrunda mübarizə aparacaq.
Düşərgədə müxtəlif təlimçilər tərəfindən iştirakçılara “Komanda işi : stereotiplərdən necə azad olmalı”, “Multikuturalizm modeli”, “Polietnik cəmiyyətdə biz”, “Azərbaycan çoxmillətli dövlət kimi”, “Multikultural cəmiyyətdə vətəndaş vəzifələri”, “Dinləri necə yaşayaq” mövzularında təlimlər keçiriləcək.
“Multikulturalist Azərbaycan” “SAY” hərəkatı nəzdində fəaliyyət göstərən üçüncü layihədir. Bundan əvvəl - 2014-cü ildə Qubada “SAY: Könüllülük akademiyası” və 2015-ci ildə Gəncədə “SAY: Green” layihələri həyata keçirilib. “SAY: Green” layihəsində olduğu kimi, “SAY: Multikuturalizm” layihəsində də gənclər açıq havada qurulan yaşayış çadırlarında qalacaq, müxtəlif ekstremal idman növləri üzrə yarışlarda qüvvələrini sınayacaqlar.