CƏMİYYƏT


“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun yeni versiyası təqdim olunub

Bakı, 6 iyun, Həsrət Mahmudova, AZƏRTAC

İyunun 6-da Bakıda “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun yeni versiyasının və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, oyunun yaradıcı qrupunun – “AzDimension” şirkətinin rəhbəri Fərid Haqverdiyev təqdimat mərasimində bu layihə barədə iştirakçılara məlumat verib. Bildirib ki, “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Oyunda hadisələr Şuşa şəhərində baş verir. Oyunda Azərbaycan əsgərinin timsalında işğal altındakı torpaqlarına qayıdan döyüşçü düşməndən qisas alır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib. Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” şirkəti tərəfindən hazırlanıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, gənc nəsil tarixi bilməklə yanaşı, vətənpərvər ruhda tərbiyə olunmalıdır. Ona görə də belə layihələrin davamlı olması vacibdir. Torpaqlarımızın tezliklə azad ediləcəyi, gənc nəslin Şuşa, onun tarixi abidələri ilə yaxından tanış ola biləcəyi günün uzaqda olmadığını deyən A.Rəhimov qeyd edib ki, bu gün Azərbaycanda İKT sürətlə inkişaf edir və bu sahənin inkişafına hər kəs dəstək verməlidir. Nazir bu oyunun gənclər arasında vətənpərvərlik hissini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Bildirilib ki, gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onlar arasında innovativ düşüncənin təşviqi, gənclərin vətənpərvərlik tərbiyəsi Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və indiyə kimi gənclər siyasəti sahəsində həyata keçirilmiş Dövlət proqramlarında da əks olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, tariximizin yaşadılmasında, gəncləri vətənpərvərlik ruhunda tərbiyəsində belə layihələrin əhəmiyyətini qeyd edərək deyib: “Təəssüf ki, tariximizin qanlı səhifələri var və bugünkü gənclərimizin çoxu Şuşanın, Qarabağın gözəlliklərini görməyiblər. İnanıram ki, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş düzgün siyasəti nəticəsində gənclərimiz tezliklə bu gözəlliyin şahidi olacaqlar”.

Yeni texnoloji dövrdə azərbaycanlı gənclərin belə bir vətənpərvər oyunu ərsəyə gətirməsini yüksək qiymətləndirən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Şuşanı görməyən gənclərin öz fikirlərində, düşüncələrində Qarabağın bu incisini yaşadaraq, onu kompüter oyununda əks etdirməsi həqiqətən də sevindirici haldır. Bu, Azərbaycan gəncinin vətənpərvər ruhda böyüdüyünü göstərir.

“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun ərsəyə gəlməsində Gənclər və İdman Nazirliyinin dəstəyini vurğulayan Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında gənclərin kompüter oyunlarına böyük maraq göstərdiyini qeyd edib və belə oyunların onlarda vətənpərvərlik ruhunun artırılmasında önəmini diqqətə çatdırıb.

Şuşanın əsrarəngiz təbiətindən, onun tarixi abidələrindən danışan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov layihənin önəmindən, gənclər arasında vətənpərvərlik hissinin artırılmasında oynayacağı roldan, eləcə də ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən danışıb.

Sonra “Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə üçölçülü formatda hazırlanan “Şuşa” kitabının təqdimatı olub. Kitab uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natəvan bulağı, Gövhər ağa məscidi, Karvansaray və digər abidələr kitabın vərəqlərində canlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.