MƏDƏNİYYƏT
İslam Əməkdaşlıq Təşkilatının və COMCEC-in 5-ci illik koordinasiya iclası başlayıb
Bakı, 25 may, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda ölkəmizi nazirliyin turizm şöbəsinin marketinq sektorunun məsləhətçisi Azər Orucov təmsil edir.
İclasda COMCEC-in katibliyi tərəfindən qurumun strategiyasının icra vəziyyəti, üzv ölkələrdə təşkilatın fəaliyyətinin genişləndirilməsi, qurum tərəfindən həyata keçirilən tədqiqat işlərinin inkişaf etdirilməsi mövzusunda təqdimatlar nümayiş edilib və təqdim olunan mövzular ətrafında müzakirələr aparılıb.
Məlumat üçün bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahənin (ticarət, maliyyə, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azaldılması) işçi qrupu fəaliyyət göstərir.