İDMAN


İslamiadanın sonuncu günündə medal qazanan idmançılarımızın şərəfinə “Zəfər günləri” təşkil edilib VİDEO

Bakı, 23 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə medal qazanan idmançılarımızla mayın 23-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsi çərçivəsində ənənəvi görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un, Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının rəsmiləri, qaliblərin ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan idmançılarının İslamiadada əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Bildirilib ki, İslamiadanın hər günü idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. “Bakı-2017”də ümumi komanda hesabında birinci yeri tutan Azərbaycanın qüdrəti bütün dünyaya nümayiş etdirildi, ölkəmizin beynəlxalq miqyasda tanıdılmasına böyük töhfələr verdi.

Çıxışlarda belə bir möhtəşəm idman bayramının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Sonra “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimini əks etdirən videoçarx göstərilib.

Qalibləri təbrik edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “Bu gün biz sonuncu “Zəfər günləri”ndə iştirak edirik. Bu, bizim İslamiadada sonuncu zəfər günümüzdür. Ancaq bizim zəfərlərimiz irəlidədir və hələ çox qələbələr qazanacağıq”.

Oyunlara möhtəşəm bağlanış mərasimi ilə yekun vurulduğunu qeyd edən Ç.Hüseynzadə vurğulayıb ki, həm açılış, həm də bağlanış tədbirlərini bütün dünya heyranlıqla izlədi. Azərbaycan idmançılarının medalların əyarına görə möhtəşəm uğur qazandıqlarını söyləyən MOK-un vitse-prezidenti bu böyük qələbə münasibətilə xalqımızı, idmançıları, onların məşqçilərini, bütün idmansevərləri təbrik edərək deyib: “Mən bu gün sevinc və qürur hissi keçirirəm. Ona görə ki, idmançılarımız “Bakı-2017”də komanda yarışlarında da medallar qazana bildilər”.

Daha sonra medal qazanan idmançılarımıza MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış rəmzi lövhəni imzalayıblar.

Mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.