CƏMİYYƏT
İsmayıllıda “Möcüzəli ünsiyyət” festivalı keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
İsmayıllı rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin (İB) təşkilati, Kitabevim.az e-mağazalar şəbəkəsinin tərəfdaşlığı ilə “Möcüzəli ünsiyyət” adlı festival keçirilib.
“İrəli”dən AZƏRTAC-a bildiriblər ki, festival “Kitaba çağırış” adlı görüşlə başlayıb. Layihə rəhbəri Rauf Əliyev çıxış edərək, əsas məqsədin gəncləri mütaliəyə həvəsləndirmək, bədii və elmi ədəbiyyata marağı artırmaqdan ibarət olduğunu vurğulayıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova gənclər üçün həyata keçirilən sosial layihələrin önəmindən bəhs edib.
Layihəyə təşkilati dəstək göstərən “İrəli” İB-in sədri Mirhəsən Seyidov çıxışında kitabların gənclərin inkişafında rolundan danışıb, mütaliənin özünü ifadənin, dünya görüşünün artırılmasına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dövlət gənclər siyasətinin əhəmiyyətindən və çoxşaxəli fəaliyyət istiqamətlərindən söz açıb.
Görüş yekunlaşdıqdan sonra layihə rəhbəri Rauf Əliyev festival çərçivəsində keçiriləcək viktorinalar barədə gənclərə ətraflı məlumat verib. Festival “Möcüzəli ünsiyyət”, “Kitabını özün seç”, “Müəllifdən məktub” və “Kitab lotereyası” viktorinaları ilə davam edib.
Sonda viktorinalarda qalib gəlmiş iştirakçılara qazandıqları kitablar hədiyyə edilib.
Qeyd edək ki, “Möcüzəli ünsiyyət” festivalı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibidir.