REGİONLAR
İsmayıllıda aqrar sektorda yüksək nəticələr gözlənilir
İsmayıllı, 29 may, AZƏRTAC
Dağlıq Şirvan iqtisadi rayonu olan İsmayıllıda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsidir. Əlbəttə, aqrar sektorun inkişafı bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi üçün zəruri şərtdir. Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında respublikamızın digər aqrar bölgələri kimi, İsmayıllı rayonunda da kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, bu sahələrə xidmət edən infrastrukturun yaradılması istiqamətində mühüm tədbirlər nəzərdə tutulub.
Bəs, rayonda bu istiqamətdə nə kimi işlər görülür? Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti necədir?
İsmayıllı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahin Hüseynov AZƏRTAC-ın müxbirinin suallarını cavablandıraraq deyib: “Rayonda iqtisadiyyatın, o cümlədən onun aparıcı sahəsi olan kənd təsərrüfatının dinamik inkişafı üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasından çox asılıdır və bu məsələ xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Dövlət Proqramının qəbul edilməsindən keçən müddətdə rayonda mal-qaranın baş sayı çoxalıb, cins tərkibinin yaxşılaşdırılması istiqamətində uğurlu nəticələr qazanılıb, bütün göstəricilər üzrə heyvandarlıq məhsullarının istehsalında dinamik artıma nail olunub. “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə aqrar sektorda da yüksək nəticələr gözlənilir”.
Ş.Hüseynov, həmçinin bildirib ki, Dövlət Proqramının icrası istiqamətində Qalıçaq kəndində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabriki tikilir. Fabrik cari ilin sonunadək istifadəyə veriləcək.
Taxılçılıq sahəsində də nəticələr uğurludur. Həyata keçirilən ardıcıl aqrotexniki tədbirlər sayəsində cari ilin məhsulu üçün ötən payızda əkilən 28326 hektar sahədə bol məhsul yetişdirilir.
Vaxtilə sovetlər birliyi dövründə İsmayıllıda 12 min hektar üzüm bağı vardı. Lakin sonradan baxımsızlıq üzündən bu bağlar məhv oldu. Hazırda bu gəlirli sahənin inkişafının dəstəklənməsi yenidən diqqət mərkəzindədir. Artıq üzüm plantasiyalarının sahəsi 934 hektara çatıb. Cari ildə “Aznar” MMC tərəfindən Kürdmaşı kəndi ərazisində 40 hektar sahədə yeni plantasiyalar salınıb.
Dövlət Proqramına müvafiq olaraq tərəvəzçiliyin inkişafı istiqamətində görülən tədbirlər də öz bəhrəsini verməkdədir. Ötən il cəmi 2-3 istilik təsərrüfatı olan rayonda hazırda bu təsərrüfatların sayı 41-ə çatıb. Topçu, Sumağallı, Diyallı kəndlərində istilik təsərrüfatları müasir texnologiya ilə - damcı sistemi ilə suvarılır.
Baş məsləhətçi qeyd edib ki, kənd təsərrüfatı məhsullarının alışı, saxlanılması və satışı sahəsindəki çətinliklərin aradan qaldırılması məqsədilə rayonda “yaşıl market” tikilir. Burada 3200 kvadratmetr örtülü bazarın, 1200 kvadratmetrlik soyuducu anbarın, 84 satış yerinin inşası artıq başa çatdırılıb.
Eyni zamanda, aqrar sahədə istehsalın müasir texnologiyaların tətbiqi ilə artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsullarının digər istehsalçıları arasında bir sıra hallarda rast gəlinən pərakəndəliyin aradan qaldırılması, onların davamlı koordinasiyası, mütəmadi olaraq maarifləndirilməsi üçün rayonda “Fermer evi”nin tikintisinə başlanılıb.
Şübhə yoxdur ki, İsmayıllı rayonunda üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə yerinə yetiriləcək, aqrar sektorda dinamik inkişaf təmin ediləcək.