REGİONLAR
İsmayıllıda müvəqqəti məskunlaşan şuşalı məcburi köçkünlərlə görüş olub
İsmayıllı, 6 may, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətində Şuşadan olan məcburi köçkünlərlə görüş olub.
AZƏRTAC xəbər verir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərin icra nümayəndələri və bələdiyyə sədrlərinin, ayrı-ayrı xidmət və sosial təminat təşkilatlarının rəhbərlərinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. İcra hakimiyyətinin başçısı məcburi köçkünlərin məşğulluğunun artırılması, mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və dövlətimizin ardıcıl və sistemli tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra M.Sadıqov diqqəti ermənilərin təmas xəttində aprelin 2-də törətdikləri təxribata, Azərbaycan Ordusunun uğurlu cavab zərbələrinə yönəldərək, torpaqlarımızın tezliklə azad ediləcəyi günün heç də uzaqda olmadığını vurğulayıb.
Görüşdə çıxış edən Məmmədxan Almuradov, İsak Əliyev, Saleh Abbasov, Nizami Şahvələdov, Əyyub Əhmədov, Niyaz Abbasov və başqaları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun, eləcə də xalqımızın qələbə əzmində olduqlarından fərəh duyduqlarını, iftixar hissi keçirdiklərini söyləyiblər. Məcburi köçkünlər yaşayışlarında heç bir problemin olmadığını, hərtərəfli dövlət qayğısı ilə əhatə edildiklərini bildiriblər.
Görüşdə məcburi köçkünlərlə mütəmadi olaraq fərdi görüşlərin keçirilməsi və problemlərinin operativ surətdə həlli üçün konkret tapşırıqlar verilib.