CƏMİYYƏT
İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilir
İstanbul, 17 dekabr, AZƏRTAC
İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ətraf mühit nazirlərinin 5-ci görüşü keçirilir.
Görüşdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəsmi açılışdan sonra dekabrın 16-da Pakistanda törədilmiş terror aktı nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov, Türkiyənin ekologiya və şəhərsalma naziri İdris Güllücə, İranın vitse-prezidenti Məsumə Ebtekar və başqalarının çıxışları dinlənilib. Onlar İƏT regionunda ətraf mühitin qorunması və iqlim dəyişikliyi məsələlərində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda Pakistanda törədilən terror aktı da pislənilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev gündəlikdə duran məsələlərlə bağlı fikirlərini bildirib. O, Azərbaycanda ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı dövlət siyasətinin ayrı-ayrı istiqamətləri barədə məlumat verib.
Erməni terrorizminin ölkəmizə və xalqımıza gətirdiyi bəlalardan bəhs edən nazir müavini bildirib ki, harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq Azərbaycan bütün növ terror aktlarını pisləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul