CƏMİYYƏT
İstanbuldakı azərbaycanlılar iftar süfrəsində bir araya gəliblər VİDEO
Bakı, 15 iyul (AZƏRTAC). İstanbul Türkiyə Azərbaycan Dərnəyi (IST-TAD) İstanbulda iftar süfrəsi təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iftar süfrəsindən əvvəl çıxış edən təşkilatın rəhbəri Səfər Qaraqoyunlu təşkilat tərəfindən ilk dəfə İstanbulun Avropa hissəsində keçirilən tədbirin davamlı olacağını deyib. Dərnək rəhbəri, həmçinin müqəddəs Ramazan ayında bütün müharibələrin, axan qanların dayandırılmasını diləyərək deyib: “Bir gün iftar süfrələrinin Qarabağda, Xocalıda, Şuşada, Xankəndidə açılacağına, azərbaycanlı məcburi köçkünlərin yurd-yuva həsrətinə son qoyulacağına inanıram”.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı Kənan Murtuzov Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətindən danışıb. O, bu qardaşlıq əlaqələrinin hər zaman davam edəcəyini söyləyib.
İğdırlılar Dərnəyinin sədri Sinan Bayat da birlik və həmrəylik çağırışları edərək bütün problemlərin həllinə birgə fəaliyyətlə nail olunacağını bildirib.