“İstedadların hazırlığı laboratoriyası” layihəsinin III respublika olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı, 27 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
Noyabrın 27-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən respublika olimpiadasının qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, olimpiadada Bakı, Lənkəran, Sumqayıt, Astara, Bərdə, Qax, Qəbələ, digər şəhər və rayonların 14-16 yaşlı məktəbliləri riyaziyyat, fizika və kimya fənləri üzrə yarışıblar. Builki olimpiadada 900-dən çox gənc onlayn turlarda iştirak edib. Üç mərhələdən sonra final turuna 98 nəfər vəsiqə qazanıb. Layihə www.istedad.az saytı vasitəsilə reallaşdırılıb.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər və İdman Nazirliyinin (GİN) gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva qaliblərə təbriklərini çatdırıblar. Bildirilib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, GİN tərəfindən 2013-cü ildən etibarən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində respublika olimpiadaları keçirilir. Layihənin məqsədi 14-16 yaşlı gənclər arasında fundamental və təbii elmlərə marağı artırmaq, yeni ünsiyyət mühiti yaratmaq, onların bu sahədə nailiyyətlər əldə etmək imkanlarını artırmaqdır.
Qeyd olundu ki, gənclər arasında elmi-texniki sahəni inkişaf etdirmək, ölkəmizdə yüksək intellektual potensiala malik yeni nəslin formalaşdırılması vacib məsələlərdən biridir. İstedadlı gəncləri üzə çıxarmaq, onlara dəstək olmaq, bacarıqlarının inkişafı üçün şərait yaratmaq, cəmiyyətə təqdim etmək “İstedadların hazırlığı laboratoriyasının” əsas məqsədidir. Layihə çərçivəsində yeniyetmələr İKT vasitəsilə bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliğ edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır. Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb olunurlar.
Sonra qaliblər mükafatlandırılıb.
Respublika olimpiadasının qalibləri üçün elmi düşərgələrdə beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulur.