CƏMİYYƏT
İstehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur
Oktyabrın 1-nə olan məlumata görə, istehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-sentyabr aylarında ümumilikdə 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Bunun da 148 min nəfəri regionların payına düşür. Su təchizatının yaxşılaşdırılması nəticəsində bəzi istehlakçılar üçün suyun verilmə intervalı artırılıb, bir çox abonentlər fasiləsiz rejimdə su almaq imkanı əldə edib, əhalinin bir hissəsi isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub. 199 min nəfərə içməli suyun verilməsi intervalı artırılıb, 159 min nəfər fasiləsiz içməli su ilə təmin edilib.
Yaşayış məntəqələrində infrastrukturların yaradılması nəticəsində yanvar-sentyabr ayları ərzində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ötən müddətdə regionlarda ilk dəfə içməli su ilə təmin olunan əhalinin sayı 99 min nəfər təşkil edir.
Qeyd edək ki, “Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.