ELM VƏ TƏHSİL
İtaliyada “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda simpozium keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
İtaliyanın Verona Universiteti, Türkiyənin Səlcuq Universiteti və Azərbaycanın “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Verona şəhərində“Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda IX Beynəlxalq simpozium keçirilib.
“MİRAS” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan, Rusiya və digər ölkələrdən 70-dən çox elm adamının məruzəsi dinlənilib. Həmçinin 60-dan çox elm adamının poster-məruzələri nümayiş etdirilib.
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarını, Azərbaycan Memarlıq və İnşaat Universitetini, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qurumları təmsil edən 30-dan çox elm adamı iştirak edib.
Verona Universitetində işə başlayan simpoziumun açılış mərasimində Təşkilat Komitəsinin həmsədrləri - professor Luigi Scrinzi, dosent Osman Kunduracı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Verona Universiteti təsis departamentinin rəhbəri, professor Gian Paolo Romagnani və Konya şəhər bələdiyyəsinin Məclis üzvü Mustafa Uzbaş salamlama nitqi ilə çıxış ediblər. Təşkilat Komitəsinin katibi Əhməd Aytaç simpoziuma hazırlıq və onun gedişi ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Simpoziumun plenar iclasında Verona Universitetinin professoru Simonetta Ponchia “Bizim eradan əvvəl IX-VII əsrlərdə Suriya-İkiçayarası və Urartu Çarlığı arasında hərbi və iqtisadi münasibətlər”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev “İlk orta əsr Mehrəvan şəhər yerində arxeoloji tədqiqatlar”, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, dosent Osman Kunduracı “Afyonkarahisar Şuhut Ulu Camesinin bərpası”, araşdırmaçıƏhməd Aytaç “Bekir Yaman kolleksiyasında divar xalıları”, professor Luigi Scrinzi “Toxunmuş mədəniyyətlər”, YOCOCU Beynəlxalq Assosiasiyasının prezidenti Andrea Macchia “YOCOCU və Türk dünyası”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əsnayə Şükürova “Azərbaycanda mədəni irsə dövlət qayğısı” mövzularında məruzə ilə çıxış ediblər.
Simpozium daha sonra ayrı-ayrı bölmələrdə işinə davam etdirib. Tarix, arxeologiya, etnoqrafiya, memarlıq, turizm, folklor, musiqi, ədəbiyyat və digər elm sahələrinə aid aktual mövzularda məruzələr dinlənilib.
Tədbir iştirakçıları İtaliyanın Verona, Sirmione, Venesiya, Boloniya və Milan şəhərlərində tarixi-memarlıq abidələrini ziyarət edəcəklər.