ELM VƏ TƏHSİL
İtalyanın “Kinetic Technology International” şirkəti BANM ilə əməkdaşlıq edəcək
Bakı, 3 iyun, AZƏRTAC
İtalyanın “Kinetic Technology International” şirkətinin vitse-prezidenti Qaetano İaquaniello, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Heilpern Nikkolo və şirkətin sədri Canni Bardazzi Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov qonaqları rəhbərlik etdiyi ali məktəbin hazırkı və gələcək fəaliyyət istiqamətləri, yeni kampusu və beynəlxalq əlaqələri barədə məlumatlandırıb. Azərbaycan və İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən rektor BANM-in İtaliya universitetləri və şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd olunub ki, tədris prosesi beynəlxalq proqramlar əsasında ingilis dilində həyata keçirilir. Tədris müasir texnologiyalar vasitəsilə istehsalatla sıx əlaqədə təşkil olunur.
E.Qasımov “Kinetic Technology International” şirkəti və BANM arasında əməkdaşlıq potensialının yüksək olduğunu, bu istiqamətdə işlərin aparılmasına hazır olduğunu bildirib.
Qonaqlar təmsil etdikləri şirkət haqqında geniş məlumat veriblər. “Kinetic Technology International” şirkətinin karbohidrogenlər sənayesi, emal mühəndisliyi, proses mühəndisliyi, sintetik qazlar, hidrogen istehsalı və istifadəsi sahəsində ixtisaslaşdığını qeyd edən vitse-prezident Qaetano İaquaniello şirkətin, həmçinin İtaliya ali təhsil müəssisələrinin inkişafına və elmi tədqiqat layihələrinin həyata keçirilməsinə dəstək olduğunu bildirib. Dünyanın 36 ölkəsində, Azərbaycanda isə SOCAR Polymer layihəsi çərçivəsində fəaliyyət göstərdiklərini nəzərə çatdıran Q. İaquaniello BANM-lə elmi tədqiqatlar, tələbə mübadiləsi və ömürboyu təhsil proqramları, eləcə də Avropa İttifaqının elm və təhsil proqramları çərçivəsində əməkdaşlıq təklif edib.
Q.İaquaniello rəhbərlik etdiyi şirkət adından BANM-in İtaliya universitetləri ilə də təhsil əlaqələrinin yaradılması, şirkət mütəxəssislərinin BANM-də mühazirələrinin təşkili, tələbələrin şirkətin Milan və Romada yerləşən müəssisələrində təcrübə keçmək və orada elmi işlərin hazırlanmasına dəstək göstərilməsi istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Sonda Q.İaquanielloya BANM-in “Fəxri qonaq” diplomu təqdim edilib.