CƏMİYYƏT
İtkin düşmüş Gəncə şəhər sakininin qətlə yetirildiyi müəyyən olunub
Bakı, 29 noyabr, AZƏRTAC
Oktyabrın 24-də itkin düşmüş Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü, şəhərin təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək S.Mayılovanı öldürüb meyitini Goranboy rayonunun Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını söyləyib.
Həmin məlumat əsasında şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəliblər. S.Mayılovanın meyiti R.Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılıb.
Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində şübhəli bilinən R.Əliyev tutulub. R.Əliyevin dediyinə görə o, S.Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə hadisədən 4 gün sonra meyiti atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.