CƏMİYYƏT


İyulda ANAMA tərəfindən 1 milyon 659 min kvadratmetr çox ərazi yoxlanılıb

Bakı, 3 avqust, AZƏRTAC

İyulda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 milyon 659 min 190 kvadratmetr (165,91 hektar) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 517 mina və partlamamış hərbi sursat, 1 tank əleyhinə və 1 piyada əleyhinə mina (cəmi 519 ədəd) aşkarlanaraq zərərsizləşdirilib.

Əməliyyatlarda 516 nəfər əməliyyat heyəti və 135 nəfərdən ibarət inzibati heyət iştirak edib. Həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it əməliyyatlara cəlb olunub.

İndiyədək cəmi 405 milyon 672 min 483 kvadratmetr (40 min 567,24 hektar) ərazi təmizlənib, 762 min 926 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

İyul ayı ərzində təcili və təxirəsalınmaz əməliyyatlar üzrə 102 Xidməti Zəng Mərkəzindən 4, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 4 müraciət və 102 Xidməti Zəng Mərkəzi ilə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən birgə iki müraciət daxil olub.

Müraciətlərin əsasında 8 min 895 kvadratmetr ərazi təmizlənib, 61 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (cəmi 63 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşınaraq zərərsizləşdirilib.

Ay ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Ağstafa, Cəbrayıl, Bərdə, Gəncə, Tərtər, Qazax, Şəmkir və Lənkəran rayonlarında, eləcə də Bakıda aparılıb.

Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.