CƏMİYYƏT
İyun ayı ərzində 10 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyun ayı ərzində 10 milyon 298 min 732 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ay ərzində 976 ədəd PHS və 1 tank əleyhinə və 4 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 402 nəfər əməliyyat və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 374 milyon 101 min 116 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 720 min 298-dir.
İyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.
Ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.