CƏMİYYƏT
İyunda ANAMA tərəfindən 1 milyon 614 min kvadratmetrdən çox ərazi yoxlanılıb
Bakı, 6 iyul, AZƏRTAC
İyunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 milyon 614 min 532 kvadratmetr (161,45 hektar) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində 418 mina və partlamamış hərbi sursat, 3 tank əleyhinə və 2 piyada əleyhinə mina (cəmi 432 ədəd) aşkarlanaraq zərərsizləşdirilib.
Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti və 136 nəfərdən ibarət inzibati heyət iştirak edib. Həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it əməliyyatlara cəlb olunub.
İndiyədək cəmi 404 milyon 13 min 293 kvadratmetr ərazi təmizlənib, 762 min 407 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
İyun ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti - Zəng Mərkəzindən 3, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 10, Qazax Rayon İcra Hakimiyyətindən isə 1 müraciət daxil olub.
Ay ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və Qaradağ rayonunun Güzdək qəsəbəsində aparılıb.
Ötən ay bir mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınıb.