CƏMİYYƏT
Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 8-də gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ov icazəsi verilməyib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər - Səudiyyə Ərəbistan və Qətər vətəndaşları, onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.
Qeyd edək ki, fevralın 8-də, gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə bir Səudiyyə Ərəbistanı və bir Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.