CƏMİYYƏT


Kazanda Rusiya regionlarında milli-mədəni muxtariyyətlərin rolu müzakirə edilib

Moskva, 20 may, AZƏRTAC

Kazanda “Rusiya regionlarında etnoslarası münasibətlərin harmonikləşdirilməsində milli-mədəni muxtariyyətin rolu və yeri” mövzusunda regionlararası konfrans keçirilib. Konfrans Rusiya Federasiyası Dövlət Dumasının Millətlər Məsələləri üzrə Komitəsi və Tatarların Federal Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib. Konfransın işində Rusiya Prezidenti Administrasiyasının nümayəndələri, Dövlət Dumasının deputatları, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvləri, Tatarıstan Respublikası hakimiyyət orqanlarının rəhbərləri və başqaları iştirak ediblər.

Konfrans iştirakçıları mərkəzdə və regionlarda dövlət milli siyasəti, onun həyata keçirilməsi praktikası, çoxmillətli Rusiya cəmiyyətinin mənəvi-əxlaqi tələbatlarının ödənilməsində milli-mədəni muxtariyyət institutunun rolu və əhəmiyyəti kimi aktual mövzuları müzakirə ediblər. Həmçinin Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti, Rusiya Xalqlar Assambleyası sədrinin müavini Araz Mürsəliyevin məruzəsi dinlənilib.

Konfrans çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Millətlər Məsələləri üzrə Komitənin sədri, tatarların Federal Milli-Mədəni Muxtariyyət Şurasının sədri İldar Qilmutdinov və Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripovla görüş keçirilib. Görüşdə A.Mürsəliyev Azərbaycan haqqında müxtəlif nəşrlər və multimedia məhsullarını, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Qəlbimin bir hissəsi Rusiyada”, habelə “Mehriban Əliyeva və onun müasir Azərbaycanda rolu” kitablarını təqdim edib.

Araz Mürsəliyev, həmçinin Tatarıstanda yaşayan Azərbaycan icmasının rəhbərliyi və fəalları ilə görüşüb. O, Xalqlar Dostluğu Evində hamı, o cümlədən Azərbaycan diaspor təşkilatı üçün gözəl şərait yaradılmasından məmnunluğunu bildirib. “Tatarıstanda ümumilikdə 30 min azərbaycanlı yaşayır. Onlar sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır, Tatarıstanın rifahı, Rusiyanın rifahı naminə qurub yaradırlar”, - deyə A.Mürsəliyev vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.