SİYASƏT
Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı İğdırda etiraz aksiyası keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı heç bir hüquqi əsası olmadan aparılan “məhkəmə prosesi”nin dayandırılması və onların dərhal azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, öz doğma torpaqlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlıların azadlığa buraxılmaları üçün İğdırdakı “Sülh” abidəsi önündə toplaşan kampaniyanın təşkilatçıları əllərində Azərbaycanın, Türkiyənin bayraqlarını və girovların fotolarını, həmçinin müxtəlif plakatlar tutaraq soydaşlarımıza azadlıq tələb ediblər.
İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında girov götürülmüş Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsinə və iki soydaşımızın üç aydır qanunsuz həbsdə saxlanılmasına dünya ictimaiyyətinin laqeyd qalması təəssüf doğurur. O, soydaşlarımızın qanunsuz həbsini Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, Ermənistan həm Azərbaycan torpaqlarının işğalını davam etdirir, həm də günahsız insanları qanunsuz həbs etdirir. Azərbaycanlı girovlar ən qısa müddətdə azadlığa buraxılmalıdır.