REGİONLAR
Kənd ərazilərində yaşayan qadınların imkanlarının artırılmasına dəstək layihəsi reallaşdırılacaq
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək” layihəsi təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən, Azərbaycanda və Türkiyədə həyata keçiriləcək layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunmasından, kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir. Türkiyə və Azərbaycan qonşu və qardaş ölkələrdir. Hazırkı layihə, həmçinin iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.
Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycanın Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.