CƏMİYYƏT
Kiçik Qafqazın çaylarında sululuq azalıb
Bakı, 27 may, AZƏRTAC
Ötən gün ərzində Kiçik Qafqaz ərazisindən axan əksər çaylarda sululuğun azalması müşahidə olunub, respublikanın digər çaylarında isə əsasən mühüm dəyişiklik baş verməyib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 32 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 367 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 179 kubmetr olub.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 352, Salyanda 175, Bankədə 179, Novruzlu məntəqəsində isə 60 santimetrdir.