REGİONLAR


Kinorejissor Rasim Ocaqovun xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq

A+ A

Şəki, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki torpağı çox istedadlı insanlar yetişdirib, Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük sənətkarlar bəxş edib. Kinorejissor Rasim Ocaqov da məhz belə sənətkarlardan biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun vəfatının 10-cu ildönümü ilə əlaqədar iyulun 11-də Şəki şəhərində keçirilən anım tədbirində səsləndirilib.

Şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri əvvəlcə Rasim Ocaqovun şəhərin Sülh meydanında qoyulmuş barelyefi önünə gül dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Milli Qəhrəman Çingiz Mustafayev adına Şəki Mədəniyyət Mərkəzinin foyesində Rasim Ocaqovun yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Mərkəzin kinozalında keçirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova kinorejissorun həyat və yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, Rasim Ocaqovun yaradıcılığı Azərbaycanın kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olan R.Ocaqov 1951-ci ildə bu şəhərdə orta məktəbi bitirərək, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. 1956-cı ildə həmin institutu müvəffəqiyyətlə başa vuran Rasim Ocaqov 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi fəaliyyətə başlayan Rasim Ocaqov bütün ömrünü kino sənətinə həsr edib. Onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “İstintaq”, “Park”, “Təhminə”, “Otel otağı” və digər filmlər milli kino salnaməmizdə unudulmaz izlər buraxıb.

Qeyd edilib ki, Rasim Ocaqov doğulduğu torpağa, Şəkiyə bağlı bir insan olub. Onun ekran əsərlərinin bir neçəsinin qəhrəmanları məhz sadə şəkililər olub. Vurğulanıb ki, Azərbaycan kino sənətinə böyük töhfələr verən kinorejissor Rasim Ocaqovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Sonra tədbir iştirakçıları Rasim Ocaqovun rejissorluğu ilə çəkilən “Həm ziyarət, həm ticarət” filminə tamaşa ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.