CƏMİYYƏT


Kişineuda Novruz şənliyi keçirilib

Bakı, 20 mart, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Moldova Azərbaycanlılarının Konqresinin təşkilatçılığı ilə Kişineuda Novruz şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə, ABŞ, Rusiya, Çexiya, Gürcüstan, Macarıstan, Qətər, Belarus səfirləri, o cümlədən Moldovada akkreditə olunmuş müxtəlif ölkələrin diplomatik korpusunun, Moldova dövlət orqanlarının nümayəndələri, elm və incəsənət xadimləri, hökumət üzvləri, deputatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, Azərbaycan diasporun üzvləri, azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Moldova Azərbaycanlılarının Konqresinin rəhbəri Vüqar Novruzov qeyd edib ki, zəngin bayram mədəniyyətini əks etdirən Novruz bayramının Kişineuda qeyd olunması artıq ənənə halı alıb.

Moldova parlamentinin sədr müavini Liliana Polixoviç Moldova ilə Azərbaycan xalqlarının mədəniyyət və adət-ənənələrinin oxşarlığını qeyd edib. Həmçinin parlament nümayəndəsi bu ölkədə yaşayan azərbaycanlılardan, onların Moldova cəmiyyətinə inteqrasiyasından söz açıb.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bayram münasibətilə qonaqları təbrik edərək, Novruzun xalqımızın ən sevimli bayramlarından biri olduğunu vurğulayıb. "Novruz bayramı yazın gəlməsinin, təbiətin oyanmasının və yenilənməsinin rəmzidir. Moldovada isə bu bayram "Martişor" adlanır. Bu bayramın qeyd edilməsi xalqlarımızı birləşdirən oxşarlıqlardan biridir", - deyə diplomat bildirib.

Səfir tədbirin təşkili üçün Moldovada Azərbaycan diasporunun rəhbəri Vüqar Novruzova təşəkkür edib.

Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç bildirib ki, Azərbaycan ilə Türkiyə "İki dövlət, bir millət" şüarı ilə yaşayır: "Novruz" tədbirinin birgə keçirilməsi iki xalqın və iki dövlətin dostluğunun daha bir nümunəsidir", - deyə diplomat vurğulayıb. O, Türkiyə səfirinin, eyni zamanda, Azərbaycanın maraqlarını, Azərbaycan səfirinin isə Türkiyə maraqlarını müdafiə etdiyini qeyd edib.

Moldovanın mədəniyyət naziri İqor Şarov çıxışında Azərbaycanın bayram adət-ənənələrindən, o cümlədən Novruz bayramının zənginliyindən danışıb, tədbir iştirakçılarına Bakıya səfəri və Azərbaycan haqqında təəssüratlarını bölüşüb. Həmçinin o, Moldova xalçalarının UNESCO mədəni irsi siyahısına daxil olunması məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə həmkarlarına təşəkkürünü çatdırıb.

Moldovanın millətlərarası bürosunun sədr müavini Vera Petuxov Moldovada millətlərarası dostluğun möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə Moldova azərbaycanlılarına təşəkkür edib. O, bu bayramın həm də müxtəlif xalqların dostluq rəmzi və göstəricisi olduğunu deyib.

Kişineu şəhərinin icra hakimiyyətinin sosial-humanitar və millətlərarası münasibətlər idarəsinin rəhbəri Kristina Aparatu şəhərin meri adından qonaqları təbrik edib və bu bayramın Kişineuda keçirilməsi ənənəsinin davam edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbir çərçivəsində qonaqlara Azərbaycan, türk və moldovan milli musiqisi və rəqslərindən ibarət konsert proqramı nümayiş olunub, Azərbaycan və türk milli mətbəxini əks etdirən bayram süfrəsi təşkil edilib. Moldovanın Sındjirey şəhərinin rəqs ansamblının çıxışı tədbirə əlavə rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.