CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzdə fövqəladə hallar zamanı davranış qaydaları izah olunub
AZƏRTAC xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Mülki Müdafiə Qoşunlarının əməkdaşlarının iştirak etdikləri tədbirdə xüsusi xilasetmə alət və avadanlıqlar nümayiş olunub.
Tədbir nəzəri və praktik olmaqla iki hissəyə bölünüb.
Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunan məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzularında çıxışlar həkim heyətinin diqqətinə çatdırılıb.
Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş etdirilib.
Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlığının nümayiş olunduğu praktik hissə zamanı “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıq, akvalanq, xilasetmə və üzmə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, fərdi mühafizə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıq, xüsusi kinologiya avtomobili və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Bundan əlavə, Kliniki Tibbi Mərkəzin həyətindəki avtomobilə qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilib.