ELM VƏ TƏHSİL
Konfutsi institutlarının fəaliyyətlərinin aktual məsələləri müzakirə olunub
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” kontekstində “Konfutsi institutlarının fəaliyyətlərinin aktual məsələləri” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda institutun Azərbaycan tərəfdən müdiri, professor Rafiq Abbasov iqtisadi və trans-Avrasiya nəqliyyat dəhlizlərinin yaranmasına yönəlmiş “İqtisadi kəmər - İpək yolu” layihəsində Azərbaycanın iştirakı sahəsində elmi tədqiqatların aparılmasının Konfutsi İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Dövlət Şurası sədrinin birinci müavini Can Qaoli ilə olan son görüşündən danışıb, Azərbaycanın Çin və Avropa nəqliyyat marşrutunda mühüm tranzit rolu oynadığını qeyd edib.
Konfutsi İnstitutunun Çin tərəfdən müdiri xanım Li Jihua “Böyük İpək Yolu”nu əhatə edən ölkələr arasında çoxtərəfli əlaqələrin genişlənməsi sahəsində elmi tədqiqatların əhəmiyyətini vurğulayıb, ötən il ərzində bu institut tərəfindən Azərbaycan və Çin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığa həsr olunan 20-dən çox elmi seminarın keçirildiyini söyləyib.
ADU-nun xarici dillər kafedrasının müdiri Salman Nuriyev Konfutsi institutlarının XI Dünya Konqresində iştirak etdiyini bildirib. O, institutun informasiya resurslarının inkişafına dəstəyindən söz açıb və Konfutsi institutlarının beynəlxalq əlaqələrinin inkişafının prioritet istiqamətləri barədə məlumat verib.
Sonda Konfutsi İnstitutunun elmi-tədqiqi və pedaqoji fəaliyyətinin inkişafının əsas məsələləri ətrafında müzakirələr aparılıb.