CƏMİYYƏT
Konstitusiya Məhkəməsi məhkəmələrə müraciət etdi
Bakı, 18 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb. Qeyd edilməlidir ki, hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır. Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, son sözü yəqin ki, Respublika Konstitusiya Məhkəməsi deyəcək.
AZƏRTAC bununla bağlı Konstitusiya Məhkəməsi Aparatının mətbuat xidmətinə müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib.
Konstitusiya Məhkəməsindən sualımıza cavab olaraq aşağıdakılar bildirilib:
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi, o cümlədən Sizin qaldırdığınız məsələnin həlli də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaqdır.
- Hazırda bir sıra məhkəmələrdə bu məsələ ilə bağlı şikayətlərə baxılır və məhkəmə icraatı başlanıb. Bu halda məhkəmələr hansı mövqe tutmalıdırlar?
- Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər.