REGİONLAR
Könüllülük festivalı iştirakçıları üçün maraqlı proqram tərtib olunub
Oğuz, 30 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Oğuz rayonunda təşkil etdiyi “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsi işini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, proqrama uyğun olaraq, layihənin ikinci günü iştirakçılar “Könüllü birliklərin komanda quruculuğu” və “Effektiv ünsiyyət vasitələri” mövzuları üzrə təlimlərdə iştirak ediblər. Təlimlər zamanı gənclər komanda birliyi, ideal komanda, ünsiyyət qurmaq bacarığı və digər məsələlər barədə ətraflı məlumat alıb, bu istiqamətlər üzrə bilik və bacarıqlarını daha da artırıblar.
Səmti müəyyən etmə idman növü üzrə milli komandanın üzvü, təlimçi Şəhriyar İsmayılov tərəfindən aparılan təlimin nəzəri hissəsindən sonra iştirakçılar praktik məşğələdə - labirint oyununda qüvvələrini sınayıblar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüş zamanı gəncləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.
Layihənin üçüncü günü könüllülük festivalının iştirakçıları təbiət qoynunda olub, dağa yürüş ediblər.