CƏMİYYƏT
“Könüllünün uğur hekayəsi” layihəsi başa çatıb
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilati dəstəyi ilə keçirilən VII qrant müsabiqəsinin qalibi olan “Könüllünün uğur hekayəsi” layihəsi yekunlaşıb.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən tədbirdə layihənin qalibləri elan edilib.
Layihə rəhbəri İlhamə Qasımzadə deyib ki, müsabiqədə iştirak edən 50 gəncin uğur hekayələri arasından ekspertlər tərəfindən seçilmiş 10 hekayə kitab şəkilində çap etdirilərək ictimaiyyətə çatdırılıb. Müsabiqədə ən yaxşı hekayə müəllifi adını Afaq Yusifli qazanıb.
Qeyd edilib ki, hekayələrdə gənclərin könüllülüklə bağlı təəssüratları, maraqlı xatirələri, könüllülüyün onların uğurlarındakı rolu əks olunub.
Qaliblərə sertifikatlar verilib. Karyeralarına könüllü fəaliyyətlə başlamış və bir çox nailiyyətlər əldə etmiş gənclər tədbirdə uğur hekayələrindən danışıblar.